REGİONLAR
“Azəriqaz” İB-nin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyiblər VİDEO
Quba, 5 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 5-də “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev Quba şəhərində vətəndaşlarla görüşüb.
Müraciətlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaza görə yaranmış borcun araşdırılması, sənədləşmə qaydaları, qaz xətlərində, sayğaclarda yaranan nasazlıq və müxtəlif məsələlərlə bağlı olub.
İB-nin baş direktoru Əkbər Hacıyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Həmin gün “Azəriqaz” İB-nin baş direktorunun müavinləri Ramil İsgəndərov Qusar, Ruslan Əliyev isə Şabran rayonlarında vətəndaşlarla görüşərək müraciət və şikayətlərlə tanış olub.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.