İQTİSADİYYAT
“Azəriqaz”: Tariflərin dəyişdirilməsi rentabelliyin daha yüksək səviyyədə olmasına xidmət edəcək
Bakı, 16 oktyabr, AZƏRTAC
İndiyə qədər abonentlər əhali üzrə istehlak etdiyi təbii qazın hər 1200 kubmetrinə görə 10 qəpik ödəyirdisə, noyabrın 1-dən etibarən 12 qəpik ödəyəcək. Sənaye subyektləri üzrə sahibkarlar indiyə qədər ilkin limit üzrə 20 qəpik ödəyirdisə, gələn aydan bu məbləğ 22 qəpik olacaq.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
O bildirib ki, iki qəpik artım çox böyük hesab olunmasa da, “Azəriqaz”ın daha rentabelli işləməsinə xidmət edəcək. Əsas problemlərdən biri dövlət qurumları və müəssisələrinin rentabelli işləməsi və büdcədən asılılığı minimuma endirməsidir.
“Hesab edirəm ki, qiymətin artırılması işin keyfiyyətinə, rentabelliyin daha yüksək səviyyədə olmasına xidmət edəcək. Digər limitlər üzrə, yəni 1200 kubmetrdən 2500 kubmetrə qədər və 2500 kubmetrdən çox olan limitlər üzrə heç bir qiymət artımı olmayacaq. Yəni qiymətlər əvvəlki kimi 20-25 qəpik həcmində saxlanılıb”, - deyə E.Vəliyev qeyd edib.