İQTİSADİYYAT
“Azəriqaz”ın regionlardakı struktur bölmələrində təlimatlandırma kursları keçirilir
Bakı, 16 may, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin (İB) regionlardakı struktur bölmələrində təlimatlandırma kursları keçirilir.
İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın struktur bölmələrində çalışan əməkdaşların iş yerlərində təhlükəsizlik qaydalarına riayət edilməsi və bu sahədə biliklərə yiyələnməsi məqsədilə Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzlərində mütəmadi olaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimlər təşkil edilir. “Azəriqaz” İB-nin müraciəti əsasında TTSİ-nin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən 8 Regional Qaz İstismar İdarəsində (RQİİ) 390 nəfər üçün kurslar keçiriləcək. İlk olaraq mayın 16-19-da Salyan RQİİ-də 2 qrup olmaqla 50 nəfər üçün kurslar təşkil olunub.
Kurs müddətində dinləyicilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisə və iş yerlərində davranış qaydaları, bədbəxt hadisələr haqqında məlumatlar veriləcək, risklərin qiymətləndirilməsi, yanğından mühafizə, ilk tibbi yardım, istehsalat sanitariyası və gigiyenası, ətraf mühitin mühafizəsi, elektrik təhlükəsizliyi və sair mövzular tədris ediləcək. Kursun sonunda keçiriləcək imtahanlarda müvəffəqiyyət qazanan dinləyicilərə sertifikatlar təqdim olunacaq.