İQTİSADİYYAT


“Azərişıq” elektrik enerjisindən qanunsuz yolla istifadə edilən 19 fakt aşkarlayıb

Bakı, 25 sentyabr, AZƏRTAC

“Azərişıq” ASC-nin əməkdaşları əraziyə baxış keçirən zaman təəssüflər olsun ki, yenə də bəzi abonentlər tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın ciddi pozuntu halları aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

O bildirib ki, elektrik enerjisindən kənar xətlə istifadə, sayğaca müdaxilə, sayğac möhürlərinin pozulması halları aşkarlanaraq aktlaşdırılıb. Son günlər 19 belə faktla bağlı barələrində müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Aşkarlanan qüsurlarla əlaqədar son faktları təqdim edirik: Xətai rayon sakini Səmədov Rəşidin fərdi yaşayış evinə məxsus sayğac keçən yükü qeyd etmir. Nəticədə müəyyən olunub ki, sayğacın daxilinə pultla idarə olunan qurğu yerləşdirilib. Paytaxtın Nizami rayon sakini Məmmədov Kəramətin fərdi yaşayış evinə məxsus sayğac yerində yoxdur və işlədicilər şəbəkəyə birbaşa qoşulub. Xəzər rayon sakini Səfərov Nazim mənzilinə baxış keçirilən zaman məlum olub ki, abonentin fərdi koduna uyğun dövlət nişanlı sayğac yerində yoxdur, əvəzinə həmin kodda başqa sayğac quraşdırılıb. Xırdalanda Şükür və Rafael Məmmədrzayev qardaşlarına məxsus ticarət obyektinə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Elektrik enerjisindən xətdən kənar istifadə edilir. Sumqayıt şəhər sakini Nəcəfov Məhərrəmə məxsus obyektə baxış keçirilən zaman isə obyektə sayğac sxemindən kənar xətt daxil olduğu məlum olub. Nəticədə müəyyən edilib ki, sayğac yanıb, işlədicilər şəbəkəyə birbaşa qoşulub.

“Hər bir istehlakçı bilməlidir ki, uçot cihazlarına müdaxilə olduğu zaman bu hal sayğacın yaddaş kartı tərəfindən qeydə alınır, laborator qaydada müasir proqramların köməyi ilə müdaxilənin tarixi və forması çox asanlıqla müəyyən edilir. Odur ki, bu gün aşkarlanmayan qüsur yoxdur. İstehlakçılarımıza bir daha tövsiyə edirik ki, bu tipli neqativ hallardan çəkinməklə qanun pozuntularına yol verməsinlər. Çünki bu kimi talançılıq faktları barədə hüquq-mühafizə orqanlarına müvafiq qaydada bundan sonra da müraciətlər ünvanlanacaq. Hüquq-mühafizə orqanlarına da təşəkkür edirik ki, dərhal müraciətlərə reaksiya verib tədbirlər görürlər. Qanunsuz yola baş vuranların adları isə mütəmadi olaraq mediaya təqdim olunacaq”, - deyə V.Mustafayev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.