İQTİSADİYYAT
“Azəristiliktəchizat” ASC istilik mövsümünə start verib
Bakı, 15 noyabr, AZƏRTAC
Havaların soyuq keçməsi ilə əlaqədar “Azəristiliktəchizat” ASC istilik mövsümünə noyabrın 11-dən başlayıb.
Bunu AZƏRTAC-a “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
2018-2019-cu illər payız-qış mövsümünə hazırlıq tədbirləri barədə danışan R.Əliyev bildirib ki, “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlər görülüb. Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmiş, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.