İQTİSADİYYAT
Azərkosmos Qazaxıstan şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun nümayəndə heyəti mayın 10-11-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Kosmik texnologiyalar konfransı”na qatılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Asiya regionunda ilk dəfə keçirilən tədbirdə bölgənin kosmik agentliklərinin və beynəlxalq kosmik ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfransda əsasən sürətlə böyüyən qlobal kosmik sənayenin imkanları, peyklər və onların tətbiq sahələri, kosmik sahədə innovasiyalar və bu sahəyə qoyulan investisiyalar barədə müzakirələr aparılıb.
Azərkosmosun sədri Saməddin Əsədov tədbirdə çıxış edərək ölkəmiz üçün kosmik sahənin əhəmiyyətindən, bu sahədə Azərbaycanın telekommunikasiya peyklərinin imkanları, o cümlədən “Azersky” peyki vasitəsilə kənd təsərrüfatı, ekologiya, turizm və bir sıra digər sahələrdə həyata keçirilən layihələrdən bəhs edib. Konfransda işğaldan azad olunmuş rayonlarımıza qayıdış planına əsasən peyk resursları ilə ərazilərin infrastruktur və relyef faktorlarına uyğun aparılan monitorinq təhlilləri barədə iştirakçılara məlumat verilib.
Konfrans çərçivəsində Azərkosmos və Qazaxıstanın “Qarış Saparı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan və Qazaxıstan arasında kosmik sahədə birgə layihələrin təşkil olunması və peyk resurslarının qarşılıqlı istifadəsinə dair razılıq əldə olunub.
Qeyd edək ki, “Qarış Saparı” şirkəti 2005-ci ildə Qazaxıstan Respublikasının dövlət sərəncamına əsasən kosmik sahənin inkişaf etdirilməsi, kosmik əməliyyatların aparılması məqsədilə yaradılıb. Eyni zamanda, kosmik layihələr üçün texniki avadanlıqların istehsalı, orbitə buraxılması və bu kimi texnoloji proseslərin həyata keçirilməsi şirkətin fəaliyyət sahəsinə aiddir.
Panel müzakirələri ilə davam edən “Kosmik texnologiyalar konfransı”nın bugünkü gündəliyində kosmik sənaye üzrə regional və beynəlxalq səviyyədə bazar tendensiyaları, bu sahənin gələcəkdə insanların rifahı üçün yaradacağı imkanlar öz əksini tapıb.
Həmçinin kosmik sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bunun üçün yeni imkanların araşdırılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarına yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. Peyklərin üzərindən geniş çeşiddə xidmətlər və həllər təqdim etməklə yanaşı, Azərbaycanda kosmik sənayenin inkişafının dəstəklənməsi və səmərəli həllərin yaradılması məqsədilə Azərkosmosun nəzdində fəaliyyət göstərən Tədqiqat və İnkişaf Mərkəzində müxtəlif layihələr həyata keçirilir. Bundan əlavə, beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri qurulur. Ölkəmizdə kosmik sahənin inkişafına töhfə verəcək innovativ ideyaların və startapların aşkar olunması və inkişaf etdirilməsi məqsədilə ölkənin startap ekosisteminə dəstəyin verilməsi də fəaliyyətin prioritet istiqamətlərindən biridir.