İQTİSADİYYAT
“Azərsu” ASC yenidən Dünya Su Şurasının idarə heyətində təmsil olunacaq
Bakı, 7 dekabr, AZƏRTAC
“Azərsu” ASC yenidən Dünya Su Şurasının idarə heyətində təmsil olunacaq.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Fransanın Marsel şəhərində Dünya Su Şurası (DSŞ) idarə heyətinin 66-cı iclası keçirilib. İclasda Şuranın 2015-2018-ci illəri əhatə edən dövr üçün fəaliyyəti, Braziliyada keçirilmiş 8-ci Dünya Su Forumunun yekunları, 2021-ci ildə Seneqalda keçiriləcək 9-cu Dünya Su Forumuna hazırlıq məsələləri müzakirə olunub.
Daha sonra 40-dan çox ölkədən 300-dən çox nümayəndənin qatıldığı DSŞ-nin 8-ci Baş Assambleyası fəaliyyətə başlayıb və Azərbaycan da burada təmsil olunub. Tədbirdə Şuranın strategiyası, növbəti 3 il ərzində fəaliyyət istiqamətləri, maliyyə hesabatları və təşkilati məsələlər müzakirə olunub. Assambleya çərçivəsində növbəti 3 il üçün DSŞ-nin idarə heyəti üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə dünya üzrə 65 dövlət, özəl təşkilatın, elmi müəssisələrin namizədliyi irəli sürülüb. “Azərsu” ASC dövlət və hökumət təşkilatları arasında keçirilən seçkilərdə böyük səs çoxluğu qazanıb. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov idarə heyətinin üzvü, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Fərda İmanov ehtiyat üzv seçilib.
Assambleya çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə, ABŞ, Çin, Koreya Respublikası, Hindistan, Yaponiya, Mərakeş, Braziliya və sair dövlətləri təmsil edən təşkilatların nümayəndələri ilə görüşlər keçirib və qarşılıqlı fikir mübadiləsi aparıb. Beynəlxalq Su Resursları Assosiasiyasının rəhbərliyi ilə keçirilən görüşdə bu mötəbər təşkilatın bir sıra tədbirlərinin Azərbaycanda keçirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, DSŞ-yə üzvlük və qurumun idarə heyətində təmsilçilik qlobal su problemlərinin, strateji hədəflərin müəyyən edilməsi, qərarların qəbul olunmasında iştirak baxımından əhəmiyyətlidir. Bu status dünyanın inkişaf etmiş ölkələrinin və qabaqcıl şirkətlərinin təcrübəsindən yararlanmağa, yeni texnologiyalara daha asan çıxış əldə etməyə imkan verir.
Məlumat üçün bildirək ki, DSŞ qlobal miqyasda su problemlərinin həlli məqsədilə 1996-cı ildə yaradılıb. Mənzil qərargahı Fransanın Marsel şəhərində yerləşən qurumda 50-dən çox ölkədən 450 üzv təmsil olunur. 2013-cü ildən DSŞ-yə üzv olan “Azərsu” ASC 2015-2018-ci illərdə təşkilatın idarə heyətində təmsil olunub.
DSŞ su ilə əlaqəli beynəlxalq təşkilatları, dövlət qurumları, elm mərkəzlərini, qeyri-hökumət təşkilatlarını birləşdirən beynəlxalq platformadır. Təşkilat su ehtiyatlarının mühafizəsi və inteqrasiyalı idarə edilməsi, əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması, ərzaq təhlükəsizliyi, hidroenerji resursların dayanıqlılığının təmin edilməsi, çoxşaxəli sanitariya problemlərinin həlli istiqamətində fəaliyyət göstərir.