İQTİSADİYYAT


“Azərsu” paytaxtın 5 rayonunda infrastrukturun yenilənməsi və yeni sistemlərin yaradılması işləri görür

Bakı, 12 may, AZƏRTAC

Bakı şəhəri və ətraf qəsəbələrdə yenidən qurulan avtomobil yollarında Prezident İlham Əliyevin əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən yeni infrastrukturlar yaradılır.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılaşdırılmış qrafikə uyğun olaraq hazırda paytaxtın 5 rayonu üzrə 9 ünvanda infrastrukturun yenilənməsi və yeni sistemlərin yaradılması işləri davam etdirilir.

Paytaxtın Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yeni magistral su kəməri inşa edilir. Bu ərazinin içməli su təchizatı ötən əsrin 50-ci illərində tikilmiş 450 millimetr diametrli çuqun xətlə aparılıb. Magistral xətt uzun illər fəaliyyətdə olduğundan normal su təchizatını aparmağa imkan vermirdi. Üstəlik son illər ərazidə yeni çoxmərtəbəli binaların tikintisi içməli suya tələbatı artırıb. “+41 Şərq” su anbarından qidalanan xəttin böyük hissəsi ötən müddətdə yenilənib. Hazırda kəmərin M.Mehdizadə hissəsindən keçən sonuncu hissəsi dəyişdirilir. Burada 425 millimetr diametrli polietilen borularla 1 kilometr uzunluğunda magistral xətt çəkilir. Magistral kəmərdən ətraf ərazilərə müxtəlif diametrli borularla çıxışlar veriləcək. Birləşmə işləri tam başa çatdıqdan sonra köhnə xətlə suyun verilişi dayandırılacaq.

Yasamal rayonu, “20 Yanvar dairəsi” ətrafında yol infrastrukturunun yenilənməsi ilə əlaqədar Müzəffər Həsənov küçəsindən keçən və istismar tələblərinə cavab verməyən kanalizasiya xətti də yenilənir. Bu məqsədlə 300 millimetr diametrli polietilen borularla yeni tullantı su xətti çəkilir. Kollektor üzərində baxış quyuları inşa edilir.

Avtomobil yollarının yenidən qurulması ilə əlaqədar Xətai rayonunda Əbilov, Admiral Naximov, Nərimanov rayonunda Müzəffər Nərimanov küçələrində, eləcə də Xəzər, Sabunçu və Abşeron rayonlarının bəzi qəsəbələrində içməli və tullantı su xətlərinin tikintisi aparılır.

Bakı şəhərində avtomobil yollarının yenidən qurulması ilə əlaqədar icra olunan layihələr çərçivəsində ümumilikdə 25 kilometrdən çox su və kanalizasiya xətləri inşa ediləcək. İnfrastrukturların yenilənməsi işləri yekunlaşdıqdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən asfalt örtüyünün bərpası işləri aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.