İQTİSADİYYAT
“Azərsu”nun “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki xidmətləri ilə bağlı müraciətlərin sayı artıb
Bakı, 9 yanvar, AZƏRTAC
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı edilən müraciətlərin sayı xeyli artıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, hesabat ilində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu”nun xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 109 min 532 müraciət edilib. Müqayisə üçün qeyd edilib ki, bu, 2018-ci illə müqayisədə 31,6 faiz çoxdur. 2019-cu ildə daxil olmuş müraciətlərin 59 min 927-si “ASAN Kommunal”, 49 min 605-i isə “ASAN xidmət” mərkəzlərində qeydə alınıb. Ötən il vətəndaşlar xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin olunması, borclar haqqında məlumatların verilməsi məsələləri ilə bağlı müraciətlər edib.
Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakının Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.