REGİONLAR
“Azərxalça”nın Quba filialında 768 kvadratmetr xalça toxunub VİDEO
Quba, 13 fevral, Elxan Yusifli, AZƏRTAC
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialında indiyədək ümumi ölçüsü 768 kvadratmetr olan 219 ədəd xalça toxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda filialda Quba şəhərindən, rayonun Aşağı Atuc, Əlibəyqışlaq, İkinci Nügədi, Ağbil, Mirzəmməd və Dağlı kəndlərindən olan 70-dən çox toxucu fəaliyyət göstərir.
Quba qədim ticarət yollarının, o cümlədən Böyük İpək Yolunun kəsişməsində yerləşdiyi üçün tarixboyu ticarət və sənətkarlıq mərkəzi olub. Etnoqrafik cəhətdən çox zəngin olan Quba xalçaçılıq ənənələrinin də yarandığı və inkişaf etdiyi bölgələrdəndir. Burada ayrı-ayrı kəndlərdə xalçaçılıq sənəti uğurla davam etdirilərək nəsildən-nəslə ötürülüb. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Quba bölgəsində toxunan xalçaların üzərində öz əksini tapan müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi elementlər yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı rəng ahəngi xalça və xalça məmulatlarına təkrarsız gözəllik bəxş edir.
“Azərxalça” ASC-nin ilk filiallarından olan Qubadakı xalça istehsalı emalatxanası 2017-ci il dekabrın 7-də Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Burada əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərinə xas olan tarixi və orijinal çeşnilər əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Fəaliyyət göstərdiyi dövrdə Quba filialında qədim zamanlardan bu ərazidə yaradılmış Zeyvə, Pirəbədil, Qonaqkənd, Zeyxur, Çiçi, Qaraqaşlı, Şahnəzərli və başqa tarixi çeşnilər əsasında xalçalar toxunub.
Filialın direktoru Nəzakət Novruzova bildirib ki, istehsal emalatxanası öz fəaliyyətini günü-gündən genişləndirir. Filialda peşəkar toxucular tərəfindən keyfiyyətli xalçalar toxunur. Toxucular işə həvəslə, maraqla yanaşırlar. Hər kəs daha tez və daha yaxşı xalça toxumaq üçün çalışır, öz işinə yaradıcı yanaşır.
"Azərxalça"nın digər filialları kimi, Qubada da çalışanların əksəriyyəti gənclərdir. Onların sayı hər gün artır. Son günlər filiala 10-dan çox gənc qız müraciət edib. Həmin gənclər tədris-hazırlıq kursuna cəlb olunublar. Təcrübəli toxucular tərəfindən onlara xalçaçılıq sənəti öyrədilir. Tədris-hazırlıq kursunu uğurla başa vuranlar sertifikatla və filialda işlə təmin ediləcəklər.