MƏDƏNİYYƏT
“Azərxalça”nın istehsal, tədarük və emal müəssisələrinin yaradılması ilə 5 mindən çox vətəndaş işlə təmin olunacaq
Bakı, 10 oktyabr, AZƏRTAC
“Azərxalça” respublikanın rayonlarında xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edir. Kurslara cəlb olunanların əksəriyyəti gənclərdir. Tədrisi uğurla başa vuran toxuculara sertifikat verilir və onlar filiallarda daimi işlə təmin olunurlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Vidadi Muradov deyib.
“Xalçaçı-rəssamlar, yun və boyaq bitkilərinin tədarükü və emalı, hazır xalçaların emalı, xalça ticarəti və xalçaçılığın inkişafı üçün vacib olan digər istiqamətlər üzrə mütəxəssislər də hazırlanır. 2019-cu ilin sonunadək “Azərxalça”nın istehsal, tədarük və emal müəssisələrinin yaradılması ilə 5 mindən çox vətəndaş iş yeri ilə təmin ediləcək. 2017-2018-ci illərdə “Azərxalça”nın istehsalı olan xalçalar Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya kimi ölkələrdə keçirilən beynəlxalq xalça satış-sərgilərində təqdim olunub. İndi Avropanın, Amerika Birləşmiş Ştatlarının, Yaponiyanın, Rusiyanın böyük xalça şirkətləri ilə danışıqlar aparılır, əməkdaşlıq haqqında müqavilələr hazırlanır. Bu müqavilələr əsasında həm hazır xalçalar satılacaq, həm də sifarişlərlə müxtəlifölçülü xalçaların toxunmasına başlanılacaq”, -deyə V.Muradov söyləyib.