İQTİSADİYYAT
“Azexport” portalı üzərindən son üç ay ərzində 300-dən çox “e-kitab” satılıb
Bakı, 21 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Bu il avqust, sentyabr, oktyabr ayları ərzində “Amazon” və “Azexport” portalları vasitəsilə 300-dən çox elektron kitab nüsxəsi satılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov oktyabrın 21-də keçirilən “Bakı Elektron Ticarət Forumu”nda deyib.
O bildirib ki, “Azexport” portalına 150-dək dünya ölkəsindən ixrac sifarişləri qeydə alınıb. Daxil olan sifarişlərin məbləği 1 milyard 300 milyondan artıq olub. “Biz yaxın zamanda daha yeni prinsiplərlə fəaliyyət göstərən platformalara qoşulacağıq. Bunlar “Eatsy”, “Sothebys”, “Amazonkindle” və sair. Bir neçə bankla start verəcəyimiz layihələrimizdə startap tərkibli olanlar da var. Yəni kreativ sahələrdə fəaliyyət göstərən startapçılar layihələrini bizə təqdim edəcəklər və müəyyən platformaya yerləşdiriləcək. Əgər o, platformada startap maliyyəsinin 50 faizini toplayarsa, digər yarısı yerli banklar tərəfindən faizsiz olaraq təqdim olunacaq”, - deyə portalın rəhbəri bildirib.