İQTİSADİYYAT
“Azexport.az” portalı “Bakutel” sərgisində “Səyyar xidmət mərkəzi” ilə təmsil olunur
Bakı, 3 dekabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport” portalı Xəzər bölgəsindəki ən böyük IT sərgisi olan “Bakutel 2019” sərgisində “Səyyar xidmət mərkəzi” ilə təmsil olunur.
İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, netvorkinq və işgüzar əməkdaşlıqların qurulması üçün unikal məkan olan “Bakutel” sərgisində 30–dək ölkədən 200-dən çox şirkət iştirak edir.
“Azexport.az” portalının meneceri Ayxan Qədəşov deyib ki, Prezident İlham Əliyevin Azərbaycanın rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının artırılması ilə bağlı əlavə tədbirlərə dair Fərmanına əsasən yaradılan “www.azexport.az” sahibkarlara innovativ həllərdən istifadə edərək beynəlxalq müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsi üzrə yeni imkanlar təqdim edir: “Mövcud imkanların nümayişi və beynəlxalq arenada təcrübə mübadiləsinin aparılması baxımından “Azexport.az” internet portalının “Bakutel” sərgisində iştirakı çox önəmlidir. Sərgidə yerli və beynəlxalq informasiya kommunikasiya texnologiyaları şirkətləri ilə yanaşı, müxtəlif fəaliyyət sahələrini əhatə edən 50 –dək startap da iştirak edir. Qeyd edim ki, “Azexport.az” portalı Azərbaycanda istehsal olunan məhsul və xidmətlərlə yanaşı, yeni startap ideyaların beynəlxalq arenaya tanıdılması və investorların cəlb olunması istiqamətində də işlər görməkdədir. Portal hazırda nüfuzlu “Kickstarter” platformasına inteqrasiya olunub. Bu inteqrasiya Azərbaycan startaplarının beynəlxalq arenada tanıdılması və real investorların cəlb olunması istiqamətində atılan uğurlu addımlardan biridir”.
Portalın “Səyyar xidmət mərkəzi”ndə “Azexport”un fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlar təqdim olunur.