SİYASƏT
BƏƏ-də səfərdə olan Türkiyə Prezidenti Azərbaycan və türk diasporlarının əməkdaşlığı barədə məlumatlandırılmışdır
Bakı, 1 fevral (AZƏRTAC). Dubayın “Madinat Jumeriah Mina Al Salam” otelinin “Mərcan” zalında Türkiyə Prezidenti Abdullah Gülün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri münasibətilə qəbul təşkil olunmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə BƏƏ-də fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov, Türkiyə səfirliyinin və konsulluğunun əməkdaşları, bu ölkədə yaşayan türk iş adamları və digər qonaqlar iştirak etmişlər.
Prezident Abdullah Gül bəzi tədbir iştirakçıları, o cümlədən BƏƏ-dəki Azərbaycan diasporunun rəhbəri S.İmanov ilə də söhbət etmişdir. S.İmanov Türkiyə Prezidentinə BƏƏ-də yaşayan azərbaycanlılar ilə türklər arasında sıx əməkdaşlıq və dostluq münasibətləri barədə məlumat vermişdir. “Azərbaycan” Cəmiyyətinin sədri vurğulamışdır ki, Fransa parlamentində qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun hələ müzakirə edilərkən azərbaycanlılar tərəfindən Fransa Mİlli Assambleyası və Senat rəhbərlərinə etiraz müraciətləri ünvanlanmışdır. S.İmanov rəhbərlik etdiyi cəmiyyətin bu ədalətsiz qanuna ilk etiraz edən təşkilatlardan biri olduğunu demişdir. O, dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlılar kimi, BƏƏ-dəki həmvətənlərimizin də Azərbaycan ilə yanaşı qardaş Türkiyənin də maraqlarını daim müdafiə etdiklərini vurğulamışdır.
Prezident Abdullah Gül BƏƏ-dəki Azərbaycan diasporunun fəaliyyətini, bu ölkədə yaşayan azərbaycanlılar ilə türklərin sıx əməkdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirmiş, “Azərbaycan” Cəmiyyətinə gələcək fəaliyyətində uğurlar arzulamışdır.