SİYASƏT
BƏƏ-dəki “Azərbaycan” Cəmiyyətinin sədri Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Dubayın rəsmi dairələrini məlumatlandırmışdır

Bakı, 3 may (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov AUGAF - Milli, Xeyriyyəçilik və İslam Məsələləri üzrə Nazirliyin məsul əməkdaşı Məhəmməd Matar Əl-Zahiri ilə görüşmüşdür.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, nazirliyin digər rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun Azərbaycan xalqının və dövlətinin tarixində buraxdığı dəhşətli və faciəvi izlər, o cümlədən Şuşanın işğalı barədə ətraflı məlumat verilmişdir.
S.İmanov iştirakçılara Xocalı soyqırımı haqqında da məlumat verərək bu faciəni əsrin ən dəhşətli cinayətlərindən biri olduğunu vurğulamışdır. Şuşa şəhərinin qədim tarixindən, onun füsunkar təbiətindən danışan cəmiyyətin sədri İrəvan xanlığının da Azərbaycanın ərazisi olduğunu diqqətə çatdırmışdır. O, həmçinin bu faktları təsdiqləyən çoxlu sayda material və Şuşa haqqında müxtəlif ədəbiyyatı AUGAF-ın rəhbərliyinə təqdim edilmişdir.
S.İmanov erməni işğalçıları tərəfindən Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun zəbt edilməsi, ermənilərin tarixi Azərbaycan torpaqlarına sonradan və hansı şəraitdə köçürülməsi barədə ətraflı məlumat vermişdir.
Görüşdə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində törədilən vandalizm aktları, xalqımıza məxsus tarixi-mədəni, dini abidələrinin, məscid və qəbiristanlıqların dağıdılması, dinc azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımları, eyni zamanda, 1 milyon soydaşımızın doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətində yaşaması barədə də məlumat verilmişdir.
S.İmanov “Armenian terror”, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri”, “Azərbaycan 1917-1920-ci illərdə” kitablarını, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən bir neçə dillərdə çap olunmuş kitabın ərəb dilində nüsxəsini AUGAF-ın rəhbərliyinə təqdim etmişdir.
Görüşdə BƏƏ rəsmilərinə ölkəmizin bugünkü sürətli iqtisadi inkişafı, dünya enerji təhlükəsizliyindəki yeri və rolu, iştirak etdiyi beynəlxalq enerji layihələri, habelə Azərbaycanın mayın 1-dən BMT Təhlükəsizlik Şurasına sədrliyə başlaması və beynəlxalq arenada getdikcə artan nüfuzu barədə də ətraflı məlumat verilmişdir.
Sonda S.İmanov Bakıda keçiriləcək “Eurovision - 2012”, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu nüfuzlu mahnı müsabiqəsinə göstərdiyi dəstək barədə də danışmışdır.
Görüş iştirakçıları ətraflı məlumatlara görə S.İmanova təşəkkürlərini bildirmiş, mahnı müsabiqəsini izləmək və Azərbaycanı daha yaxından tanımaq arzusunda olduqlarını bildirmişlər. AUGAF-ın nümayəndələri doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərə 2011-ci ildə BƏƏ-nin xeyriyyə cəmiyyətləri vasitəsilə yardım edildiyini və bu cür aksiyaların bu gün də davam etdiyini qeyd etmişlər.
Vurğulanmışdır ki, belə görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfəni verir.
S.İmanov Dubayın Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə də görüşmüşdür.