İQTİSADİYYAT
BƏƏ metaverse platformasında İqtisadiyyat Nazirliyi yaradacaq
Qahirə, 3 oktyabr, AZƏRTAC
Dünyanın ən hündür göydələni ilə öyünən və Marsa kosmik missiyaya göndərən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) növbəti iddialı layihəsi metaverse platformasında İqtisadiyyat Nazirliyinin yaradılmasıdır.
AZƏRTAC xəbər verir ki, Dubaydakı “Gələcəyin Muzeyi”ndə keçirilən mərasimdə start verilən bir layihədə BƏƏ-nin İqtisadiyyat Nazirliyinin hazırda formalaşan immersiv virtual aləmdə mağaza qurduğu elan edilib.
BƏƏ rəsmilərinin dediyinə görə, virtual reallıq gözlüklərini taxanlar və ya içəri girmək üçün başqa vasitələrdən istifadə edənlər şirkətlərlə iş üçün açıq və hətta xarici hökumətlərlə ikitərəfli müqavilələr imzalamağa hazır bir nazirlik tapacaqlar.
Ərəb xəttatlığı ilə bəzədilmiş innovativ üzük formasında olan şəhərin əsas magistralını əhatə edən muzeydə keçirilən Dubay Metaverse Assambleyasının açılış mərasimində dünyanın texnologiya nəhəngləri də iştirak edib.
Mərasimdə çıxış edən BƏƏ-nin texnologiya üzrə mütəxəssisləri qeyd ediblər ki, metaverse 2030-cu ilə qədər illik ÜDM-yə 4 milyard dollar və ölkəyə 40 min iş yeri əlavə edə bilər. Dubay rəhbərliyi dünyanın ən yaxşı 10 metaverse iqtisadiyyatından biri olmaq üçün öz təklifində blokçeyn və əlaqəli texnologiyalar üzrə ixtisaslaşmış min şirkəti cəlb etmək istəyir. Bu proses 10 il davam edə bilər.
Qeyd edək ki, BƏƏ-nin neftlə zəngin paytaxtı Əbu-Dabidən fərqli olaraq, xam neft biznes, turizm, daşınmaz əmlak və yeni texnologiyalara yönəlmiş Dubay iqtisadiyyatının cəmi 5 faizini təşkil edir. BƏƏ artıq virtual aktivləri tənzimləyən qanun və kriptovalyutalar üçün tənzimləyici orqan təqdim edib, eyni zamanda əsas kriptovalyuta platformalarına müsbət yanaşır. Digər tərəfdən, BƏƏ-nin özəl sektorda ilk metaverse layihələrindən biri Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşidin bir əsr sonra Marsda koloniya qurulması arzusunun şərəfinə adlandırılıb. İndi dubaylılar metaverse vasitəsilə Qırmızı planetə virtual səyahət edə bilirlər.
Ekspertlər hesab edirlər ki, feysbuk və digər sosial media titanlarının sahibi olan Meta platformasına görə, metaverse mobil texnologiyanın inkişaf modelini izləyəcəyi halda, 10 il ərzində Yaxın Şərq, Şimali Afrika və Türkiyədə ÜDM-yə 360 milyard dollar əlavə edə bilər. BƏƏ isə öz növbəsində, regionda bu prosesin mərkəzi olmağı hədəfləyir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə