İDMAN
BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN İLİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR DAVAM EDİR
AZƏRTAC-ın xəbər verdiyi kimi, YUNESCO 2005-ci ili bədən tərbiyəsi və idman ili elan etmişdir. Bununla əlaqədar, Gənclər, İdman və Turizm və Təhsil nazirliklərinin birgə əmrinə əsasən, ölkəmizin müxtəlif bölgələrində idman məktəblərinin cüdo, sərbəst və yunan-Roma güləşi, ağır atletika və boks üzrə məşqçi müəllimlərinin seminar - müşavirələri və 1991-92-ci il təvəllüdlü yeniyetmələr arasında respublika turnirləri keçirilir. Artıq Lənkəranda ağır atletika, Göyçay və Biləsuvarda sərbəst güləş, Gəncədə isə yunan-Roma güləşi və cüdo üzrə turnirlərə yekun vurulmuşdur. Noyabrın 13-17-də Ağdaşda, 25-29-da isə Lənkəranda boks yarışları təşkil olunacaqdır.
Turnirlərdən əsas məqsəd məşqçi müəllimlərin peşə səviyyələrinin artırılması, yeniyetmələr arasında ehtiyat qüvvənin səviyyəsinin müəyyənləşdirilməsi, idmançıların 2012-ci ildə keçiriləcək Olimpiya oyunlarına hazırlanması və idman məktəblərinin fəaliyyətinin yaxşılaşdırılmasıdır. Respublikanın aparıcı mütəxəssisləri - Zair Məmmədov, Ağayar Axundzadə, Hacağa Hacəhmədov cüdo, İsmayıl İsmayılov, Vahid Nəzərov ağır atletika, Oqtay Hüseynov, Rövşən Umudov,Yaqub Məmmədov sərbəst güləş, Firdovsi Umudov, Bəhram Mürvətov, Elçin Cəfərov yunan - Roma güləşi, Nəriman Abdullayev, Rasim Məmmədov, Tofiq Babanlı isə boks yarışlarında daha gənc və perspektivli məşqçilərlə seminar məşğələləri keçirirlər.