SİYASƏT
BAKIDA AZƏRBAYCANLA GÜRCÜSTAN ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ BİRGƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN DÖRDÜNCÜ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Bakıda Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın dördüncü iclası keçirilmişdir.
İclas başlanmazdan əvvəl komissiyanın həmsədrlərinin – Azərbaycanın Baş naziri Artur Rasizadənin və Gürcüstanın Baş naziri Zurab Noğaidelinin təkbətək görüşü olmuşdur.
İclasın açılışında çıxış edən Artur Rasizadə hökumətlərarası komissiyanın növbəti iclasını iki dövlət arasında münasibətlərdə mühüm hadisə kimi qiymətləndirmişdir. Əvvəlki iclasdan sonra keçən dövr ərzində siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəldilmiş çox böyük işlər görülmüşdür. Qlobal enerji layihələri həyata keçirilmişdir – Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş, Bakı-Tbilisi-Qars dəmir yol xətti layihəsi üzrə hazırlıq işləri başa çatdırılmış, inteqrasiya prosesləri sürətlənmiş, bu ilin səkkiz ayında əmtəə dövriyyəsi ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 1,5 dəfə artmışdır. Azərbaycanın Baş naziri qeyd etmişdir ki, budəfəki iclas, müxtəlif idarələrin rəhbərləri arasında ünsiyyət ölkələrimizin əlaqələrinin genişlənməsi üçün əlavə stimul olacaqdır.
Artur Rasizadə iclas iştirakçılarına milli iqtisadiyyatın uğurları barədə məlumat vermiş, eyni zamanda vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi Azərbaycan üçün başlıca problem olaraq qalır.
Zurab Noğaideli Azərbaycan iqtisadiyyatının son uğurlarından bəhs edərək demişdir ki, bu məsələdə Gürcüstan tərəfinin öz praqmatik marağı var, çünki Gürcüstan iqtisadiyyatının inkişaf sürəti Azərbaycan iqtisadiyyatının nə dərəcədə dinamik inkişaf etməsindən asılıdır. Gürcüstanın Baş naziri qeyd etmişdir ki, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı dünyanın bütün ölkələri üçün nümunədir.
Gürcüstan hökumətinin başçısı konkret layihələrdən söhbət açaraq, iki ölkənin paytaxtları arasında gündəlik aviareyslərin sayının artırılmasının zəruri olduğunu qeyd etmişdir. O bildirmişdir ki, energetika sahəsində Azərbaycan DRES ilə Gürcüstandakı “Qardabani 500” yardımçı stansiyası arasında 500 kV gücündə “Muxranis-Veli” elektrikötürmə xəttinin bərpa olunması barədə razılıq əldə edilmişdir. Gələcəkdə bu xətt Türkiyəyə qədər davam etdirilə bilər. Azərbaycandan Gürcüstana qaz göndərilməsi barədə danışıqlar aparılır. Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Tbilisi-Qars sahəsinin tikintisinə başlamaq üçün hazırlıq işləri sona çatdırılmışdır.
Baş nazirlər komissiyanın iclasının yekunlarına əsasən protokol imzalamışlar.