İQTİSADİYYAT
BAKIDA BEYNƏLXALQ NƏQLİYYAT SƏRGİSİ AÇILMIŞDIR
Sərginin açılış mərasimində Azərbaycan Nəqliyyat Nazırliyinin, Ticarət və Sənaye Palatasının nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun başçıları, “İteka Kaspian” şirkətinin rəhbərliyi, eləcə də, sərginin digər təşkilatçıları və respublika iqtisadiyyatının özəl bölməsinin təmsilçıləri iştirak etmişlər.
Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Suleyman Tatlıyev sərginin əhəmiyyətindən, nəqliyyat nazirinin müavini Musa Pənahov ölkəmizdə nəqliyyat bölməsinin inkişafından, respublikamızın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizinin perspektivindən və digər məsələlərdən danışmışlar.
Nəqliyyatın inkişafına görə Azərbaycanın region ölkələri arasında lider olduğunu bildirən Musa Pənahov bir neçə gün əvvəl ümummilli liderimiz Heydər Əliyevin ad günü münasibətilə dahi rəhbərimizin adını daşıyan Beynəlxalq Hava Limanında yerli uçuşlar üçün terminalın və Naxçıvanda Beynəlxalq Hava Limanının istifadəyə verilməsini, son illər Dövlət Xəzər Dəniz Gəmiçiliyinin bir neçə tanker və digər gəmilər almasını nəqliyyat sahəsində əldə olunan nailiyyətlər kimi dəyərləndirmişdir.
Beynəlxalq Avrasiya və reallaşmaqda olan Şərq-Qərb nəqliyyat dəhlizlərinin digər Beynəlxalq nəqliyyat dəhlizləri ilə rəqabətə davam gətirəcəyinə əmin olduğunu bildirən nazir müavini demişdir ki, Azərbaycanda regionların inkişafı ilə bağlı Dövlət Proqramı nəqliyyatçıların üzərinə ciddi məsuliyyət qoymuşdur.
Təşkilatçılar sərgi barədə iştirakçılara ətraflı məlumat vermişlər. Sərgidə aşağıdakı bölmələr üzrə məhsullar nümayiş etdirilir: avtomobil, dəmir yolu, dəniz, hava nəqliyyatı, qarışıq nəqliyyat, yüklərin vurulması və boşaldılması üçün avadanlıq, limanlar, yük terminalları, anbarlar və sair.
Sərgidə 10 ölkədən 32 nüfuzlu şirkət iştirak edir. Məhsulların əksəriyyəti maket formasında və fotoalbomlar, eləcə də kompüter ekranlarında nümayiş etdirilir.
Sərgi mayın 21-də başa çatacaqdır.