MƏDƏNİYYƏT
BAKIDA BEYNƏLXALQ SEMİNAR
Fevralın 27-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Bədii Sərgi Salonunun binasında “Açıq muzey: yeni yüzillikdə muzey menecmenti” mövzusunda Beynəlxalq tədris seminarı keçirilmişdir.
Açıq Cəmiyyət İnstitutu Azərbaycana Yardım Fondunun maliyyə dəstəyi ilə Mədəniyyət Nazirliyinin, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin və Fransanın ölkəmizdəki səfirliyinin birgə təşkil etdikləri tədbiri nazir müavini Sevda Məmmədəliyeva açaraq seminarda müzakirə ediləcək məsələlər barədə məlumat verdi.
Sonra Fransanın Mədəniyyət, Asudə Vaxt və Turizmin Təşkili Məsələləri üzrə “Jefil” Milli Sindikatının prezidenti xanım Ann-Mari Tibonun və YUNESKO-nun Mədəni irs şöbəsinin Avropa və Asiya üzrə bölmə müdiri Frensis Çayldin məruzələri dinlənildi.
Seminarda muzey menecmenti və əhalinin asudə vaxtı, tarixi və mədəni irsə ictimai marağın cəlb olunması, sənətkarlıq nümunələrinin ticarəti kimi məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.