MƏDƏNİYYƏT
BAKIDA “BİZİM NAMƏLUM KİNO” FESTİVALI KEÇİRİLƏCƏKDİR
Mədəniyyət Nazirliyinin və Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə iyulun 24-dən 30-dək Bakıda “Bizim naməlum kino” adlı ikinci festival keçiriləcəkdir. Bu münasibətlə iyulun 16-da Kinematoqrafçılar İttifaqının “Kino evi”ndə mətbuat konfransı olmuşdur. Mədəniyyət Nazirliyindən AZƏRTAC-ın müxbirinə demişlər ki, konfransda Kino İşləri Baş İdarəsinin rəisi Cəmil Fərəcov festival barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, Kino günü ərəfəsində keçiriləcək festivaldan məqsəd 105 il ərzində ölkəmizdə yaradılmış və müxtəlif səbəblər üzündən ictimaiyyətin diqqətindən kənarda qalmış, yaxud da unudulmuş filmləri tamaşaçılara təqdim etməkdir. Ötən festivalda rejissor Abbasmirzə Şərifzadənin texniki səbəblər üzündən nümayiş etdirilməmiş “Məhəbbət oyunu” filmi builki festivalda ekran həvəskarlarına göstəriləcəkdir. Qeyd olunmuşdur ki, birinci festivaldan fərqli olaraq bu dəfə nəinki naməlum filmlər, həm də diqqətdən kənar qalmış cizgi filmləri, sənədli ekran işləri də nümayiş etdiriləcək, bədii filmlər isə qısametrajlı olacaqdır. Proqrama daxil edilmiş 40 bədii, sənədli və cizgi filmlərinin ən yaxşıları mükafatlandırılacaqdır. Bundan başqa, festivalda iki nominasiya üzrə də qalib seçiləcəkdir. Belə ki, ən fəal jurnalist və tamaşaçı müəyyənləşdiriləcəkdir. Qaliblər tamaşaçıların və baxışda iştirak edən jurnalistlərin rəyləri əsasında seçiləcəkdir. Tamaşaçılar bir həftə ərzində nümayiş etdiriləcək festival filmlərinə “Araz” kinoteatrında pulsuz baxacaqlar. Festivala avqustun 2-də - Kino günündə yekun vurulacaqdır. Qaliblərə prizlər və pul mükafatları veriləcəkdir. Çəkdikləri filmləri festivalda nümayiş etdiriləcək kinorejissorlar mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavab vermişlər.