REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, bazar günü əhaliyə 14,2 ton məhsul, o cümlədən 3 ton ət, 0,2 ton ağartı, 5 ton tərəvəz, 2 ton kartof, 4 ton meyvə, 10 min ədəd yumurta təklif edilmişdir. Ümumilikdə, şənbə və bazar günləri bu yarmarkada paytaxt sakinlərinə 38,5 ton məhsul satılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Cəlilabad, Salyan və Biləsuvar rayonlarının fermerləri şənbə və bazar günləri satışa 51 tondan çox məhsul çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov dedi ki, burada satılan məhsulların qiymətləri bazardakından 25 faizə qədər ucuzdur. Satışda meyvə tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər iki gün ərzində 5 tondan çox məhsul satmışlar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar, Qəbələ və Şəki rayonlarının fermerləri şəhər sakinlərinə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif edirdilər. Yarmarkada xurma, nar, alma, bal, kartof, kələm və müxtəlif şirniyyat məhsulları çoxluq təşkil edirdi.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri bu yarmarkada 37 ton kartof, 70, 6 ton meyvə, 98 ton tərəvəz, min ədəd yumurta, 15, 4 ton ət və digər məhsullar satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şənbə və bazar günləri şəhər sakinlərinə Ağstafa, Goranboy və Bərdə rayonlarından, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkada isə Qazax və Ağsu rayonlarından gətirilmiş məhsullar təklif olunmuşdur.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada şənbə və bazar günləri Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala, Oğuz və Qobustan fermerləri satışa 92,6 ton kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, iki gün ərzində paytaxt sakinlərinə 35 adda kənd təsərrüfat məhsulları satılmışdır.