REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 9 avqust (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, avqustun 8-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırovun verdiyi məlumata görə, “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada şənbə və bazar günləri şəhər sakinlərinə Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 11 tondan çox məhsul satılmışdır. Məhsulların qiyməti bazardakından 20-25 faiz ucuz olmuşdur.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada iki gün ərzində 89,4 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin sözlərinə görə, Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş bu məhsullar bazarlardakından 25-30 faiz, bəziləri hətta yarıbayarı ucuz təklif olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə, Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Qəbələ, Şəmkir, Salyan, Ağcabədi, Kürdəmir, Biləsuvar, Quba və digər rayonların fermerləri şənbə və bazar günləri 155 tonadək qarpız, yemiş, şaftalı, kartof, soğan, badımcan, pomidor, ət və süd məhsulları satmışlar.
İstirahət günləri Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində 60 tondan artıq məhsul satılmışdır.
Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və Cəlilabad rayonlarından gətirilmiş məhsullar alıcılara bazarlarla müqayisədə 30-35 faiz ucuz təklif olunmuşdur.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada iki gün ərzində Ağsu və Qazaxdan gətirilmiş 11 tondan artıq meyvə-tərəvəz satılmışdır.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə şəhər sakinlərinə Ağstafa, Bərdə və Goranboydan gətirilmiş meyvə-tərəvəz, süd məhsulları təklif olunmuşdur.