SİYASƏT
BAKIDA “KİBERNETİK TƏHLÜKƏSİZLİYƏ HƏRTƏRƏFLİ YANAŞMA” MÖVZUSUNDA MİLLİ SEMİNAR ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Bakı, 7 sentyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, sentyabrın 7-də Bakıda “Kibernetik təhlükəsizliyə hərtərəfli yanaşma” mövzusunda milli seminar öz işinə başlamışdır.
ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən seminar Azərbaycan tərəfindən cari il iyulun 1-də təsdiq edilmiş “Kibernetik Cinayətkarlıq haqqında” Konvensiyanın həyata keçirilməsinə kömək məqsədi ilə kibernetik təhlükəsizlik üzrə davamlı siyasətin işlənib hazırlanmasına yönəlmişdir.
Seminarda əsas diqqət beynəlxalq təcrübə və hüquqi çərçivələr, təhlükələr və meyillər, kibernetik təhlükəsizlik sahəsində vətəndaş cəmiyyətinin iştirakı, eləcə də bu işdə hökumətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq məsələlərinə yönəldiləcəkdir.
Kibernetik cinayətkarlıq mövzusunun ATƏT-in təhlükəsizlik məsələlərində vacib yer tutduğunu vurğulayan ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel Azərbaycanın internet təhlükəsizliyinə diqqəti artırdığını, təşkilatın gələcəkdə də ölkəmizlə əməkdaşlığı davam etdirəcəyini demişdir.
ATƏT rəsmisi bildirmişdir ki, bu Konvensiyanın həyata keçirilməsi cinayət qanunvericiliyinin təkmilləşdirilməsi, prosedurların yenidən nəzərdən keçirilməsi, daha səmərəli hüquq mühafizə tədbirlərinin reallaşdırılması və internet xidməti təchizatçıları ilə daha yaxşı əməkdaşlığın qurulması kimi bəzi dəyişiklikləri tələb edə bilər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquq və insan resursları idarəsinin rəisi Bəxtiyar Məmmədov kibernetik cinayətkarlıqla mübarizə sahəsində görülən işlərdən danışmışdır.
Seminarda Azərbaycanın hüquq mühafizə orqanlarının, səfirliklərin, beynəlxalq qurumların nümayəndələri də iştirak etmişlər.
İki gün davam edəcək seminarda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, NATO-nun kibernetik təhlükəsizlik üzrə Ali Təhsil Mərkəzinin təmsilçilərinin, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsinin çıxışları nəzərdə tutulmuşdur.