BAKIDA NÖVBƏTİ YOL QOVŞAĞI
İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV
MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
AzerTAg.az
19.03.2007 [16:47]

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Paytaxtın 20 Yanvar dairəsində - Tbilisi prospekti ilə Həsənbəy Zərdabi küçəsinin kəsişməsində tikilmiş müxtəlif səviyyəli yol qovşağının açılışına toplaşan inşaatçılar və şəhər sakinləri Prezident İlham Əliyevi hörmət və ehtiramla qarşıladılar.
Dövlətimizin başçısına gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev yol qovşağının layihəsinə, tikinti prosesini əks etdirən şəkillərə baxdı, habelə Tbilisi prospekti ilə Cavad xan küçəsinin kəsişməsində tikilən müxtəlif səviyyəli yol qovşağının sxemi ilə tanış oldu.
Nəqliyyat naziri Ziya Məmmədov “Azərkörpü” Səhmdar Cəmiyyətinin tikdiyi yol qovşağının göstəriciləri barədə məlumat verdi. O bildirdi ki, mürəkkəb mühəndis-texniki qurğu olan yol qovşağının təməli 2006-cı ilin aprelində qoyulmuşdur. Bura 8 dairəli müxtəlif səviyyəli yol qovşağı - körpü və tuneldən ibarətdir. İşlər iki mərhələdə həyata keçirilmişdir. Birinci mərhələdə inşa olunan körpü-keçidin uzunluğu 1,12 kilometr, o cümlədən yolötürücü 290 metr, yanaşmalar 830 metr, istinad divarları 523 metr təşkil edir. Körpü-keçidinin smeta dəyəri 24,1 milyon manatdır. O cümlədən
yolötürücüsünün tikintisinə 11,5 milyon manat, yanaşma yollarına 6,7 milyon, abadlaşdırma və işıqlandırma işlərinə 1,1 milyon manat, kommunikasiyalar üçün 2,3 milyon manat və digər işlərə 2,5 milyon manat xərclənmişdir. Bütövlükdə yol qovşağının smeta dəyəri 31,5 milyon manatdır. İkinci mərhələdə görülən işlərə 7,4 milyon manat sərf olunmuşdur. Monolit dəmir-beton işlərinin həcmi 23 min 290, yığma dəmir-beton işlərinin həcmi 4 min 995 kubmetrdir.

Z.Məmmədov vurğuladı ki, Rusiyanın Nəqliyyat Akademiyasının mütəxəssisləri körpünün davamlılığını yoxlamışlar. Bütün işləri yerli mütəxəssislər yerinə yetirmişlər. Xarici şirkətlərə ehtiyac qalmamışdır. Əgər bu işi Avropa şirkətləri görsəydilər, tikinti üç dəfə baha başa gələcəkdi. Aparılan xüsusi
araşdırma göstərdi ki, körpü müasir standartlara cavab verir, çox davamlıdır, yükgötürmə qabiliyyəti layihədə nəzərdə tutulduğundan çoxdur. Layihədə müəyyən dəyişikliklər edilmiş, yeni qovşaqlar yaradılmış, yolların uzunluğu, hündürlüyü ilə bağlı əlavə düzəlişlər olmuşdur. Burada təhlükəsizlik zolağı da nəzərə alınmışdır. Nazir nəqliyyat problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezidentə minnətdarlığını bildirdi və qarşıdan gələn Novruz bayramı münasibətilə nəqliyyatçılar adından təbrik etdi.

Dövlətimizin başçısına aeroport istiqamətində çəkiləcək körpünün maketi hədiyyə olundu.
Prezident İlham Əliyev körpünün ümumi görünüşünün, işıqlandırma sisteminin gözəl və müasir olduğunu bildirdi. O, rəmzi açılışı bildirən lenti kəsdi və buraya toplaşan inşaatçılara və sakinlərə müraciətlə dedi:

- Sizi bu körpünün açılışı münasibətilə təbrik edirəm. Çoz gözəl körpüdür. Siz bunu çox qısa müddətdə inşa etmisiniz və Bakının nəqliyyat probleminin həlli üçün böyük işlər görmüsünüz. Həm xarici görünüşü gözəldir, həm də bütövlükdə keyfiyyəti çox yüksək səviyyədədir. Çox sevindiricidir ki, bu gözəl işi yerli şirkət görübdür. Bakıda bir, iki yerdə yox, doqquz yerdə belə gözəl körpülərin tikintisinə başlanmışdı. İkisi bundan əvvəl, ikisi də bu gün, bayram ərəfəsində istismara verildi. Ona görə mən sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun. Çox yaxşı işləmisiniz. Bundan sonra da Bakıda və Azərbaycanda çox işlər - tikinti, quruculuq, abadlıq işləri görüləcəkdir. Ona görə artıq sizin şirkətinizin də böyük imkanları var, gələcəkdə böyük layihələrdə iştirak edəcəkdir.

İnçaatçılar və sakinlər dövlətimizin başçısını bahar bayramı münasibətilə təbrik etdilər, Bakının müasirləşdirilməsinə göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildirdilər.
X X X
Sonra Prezident İlham Əliyev körpünü gəzdi və tunelin yerləşdiyi əraziyə gəldi. Tunelin divarına “Yolötürücü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında 2006-2007-ci ildə inşa edilmişdir” sözləri yazılmış xüsusi lövhə vurulmuşdur.
Dövlətimizin başçısına paytaxtımızın Tbilisi prospektində inşa olunmuş tunelin göstəriciləri barədə
məlumat verildi. Bildirildi ki, burada 1280 metrlik yolun 332 metri tuneldən keçir. Yolötürücünün tamamlanması ölkəmizin şimal istiqamətində nəqliyyatın şəhərə giriş-çıxışının asanlaşmasında, nəqliyyat axınının intensiv olduğu bu ərazidə hərəkətin tənzimlənməsində və bütövlükdə paytaxtın nəqliyyat probleminin həllində mühüm rol oynayacaqdır. Bu layihədə nəqliyyatın hərəkəti tunelə salınaraq, fasiləsizlik təmin olunmuş, tunelin üzərində qurulmuş qovşaq nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmışdır. Bağlantı qollar sayəsində nəqliyyatın hər tərəfə sərbəst hərəkəti təmin olunmuşdur.

Tunel ikitərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Hər tərəfdə üç hərəkət zolağı vardır. Uzunluğu 332 metr, eni 30 metr, hərəkət zolağının eni 25,5 metr (hər birinin eni 12,75 metr olan iki istiqamətli yol), hündürlüyü 5,5 metrdir. Ayırıcı zolağın eni 3 metr, hər iki tərəfdə səkilərin eni 0,75 metrdir. Kənar yollar və digər yollarla 3 min 120 metr uzunluğunda
bağlantılar inşa edilmişdir. Tunelin istinad divarları ilə birlikdə uzunluğu 986 metrdir. Tikinti-quraşdırma işləri zamanı uzunluğu 16,20 metr olan 398 ədəd yığma dəmir-beton tirlər quraşdırılmış, 1133 ədəd dirək vurulmuşdur. 25 min 685 kubmetr optimal çınqıl qarışığı, 18 min 115 kubmetr fraksiyalı qırmadaş, 35 min 500 ton asfalt-beton və 12,1 min kubmetr betondan istifadə edilmişdir. Tunel və köməkçi yollarda işıqlandırma, ventilyasiya, yanğından təhlükəsizlik, siqnalizasiya, rabitə və kamera sistemləri quraşdırılmışdır. Tikinti işləri zamanı 8 müxtəlif mühəndis-kommunikasiya xətləri köçürülmüşdür. 30 illik inşaat təcrübəsi olan Türkiyənin “Kolin” şirkəti tunelin tikintisini 10 aya başa çatdırmışdır.

Azərbaycan Prezidenti tunelin rəmzi açılışını bildirən lenti kəsdi, xatirə şəkli çəkdirdi və piyada gəzərək tunellə tanış oldu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
31.03.2023 [12:15]
30.03.2023 [14:00]
29.03.2023 [16:10]







MULTİMEDİA
31.03.2023 [21:20]
31.03.2023 [18:06]
31.03.2023 [15:02]
31.03.2023 [12:10]
01.04.2023 [07:27]
01.04.2023 [00:41]
31.03.2023 [22:31]
01.04.2023 [06:57]
01.04.2023 [04:40]
01.04.2023 [04:07]
01.04.2023 [09:39]
31.03.2023 [19:33]
31.03.2023 [19:14]
31.03.2023 [18:45]
31.03.2023 [18:19]
31.03.2023 [18:17]
30.03.2023 [17:24]
30.03.2023 [12:12]
29.03.2023 [13:04]
31.03.2023 [16:52]
31.03.2023 [16:39]
01.04.2023 [01:39]
01.04.2023 [01:13]
01.04.2023 [01:02]
31.03.2023 [21:16]
01.04.2023 [09:12]
31.03.2023 [23:46]
31.03.2023 [22:16]
31.03.2023 [21:32]
Xəbərin mətnində orfoqrafik səhv var