RƏSMİ XRONİKA
BAKI ARXİYEPİSKOPU QƏBUL EDİLMİŞDİR
Dövlət başçısının fikrincə, ərazisində müharibə gedən Azərbaycanın indiki mürəkkəb vəziyyətində cəmiyyətdə birlik və vətəndaş həmrəyliyi həmişəkindən daha çox gərəklidir. Bu prosesdə din xadimləri, respublikada təmsil olunan 3 dinin – islam, xristianlıq və iudaizm dinlərinin nümayəndələri birləşdirici rol oynaya bilərlər. Azərbaycanda başqa dinlərə həmişə böyük ehtiramla yanaşılmışdır. Prezident əmin olduğunu bildirmişdir ki, özünün sülhməramlı mövqeyi ilə tanınan Bakı arxiyepiskopunun missiyası cəmiyyətdə vətəndaş həmrəyliyini möhkəmləndirməyə istiqamətlənəcəkdir. Heydər Əliyev həmçinin demişdir ki, Azərbaycanın rus-slavyan əhalisi respublikanın bütün vətəndaşları ilə eyni hüquqa malikdir və o, Prezident kimi onların normal yaşayışına və tam təhlükəsizliyinə təminat verir.
Bakı arxiyepiskopu təbrik üçün Heydər Əliyevə minnətdarlığını bildirərək qeyd etmişdir ki, Azərbaycan torpağında yenidən sülh və əmin-amanlığın bərqərar olması üçün gecə-gündüz dua edir. O həmçinin bildirmişdir ki, respublikada yaşayan və pravoslavlığa etiqad edən rusdilli əhali qarşısında ibadət etmək üçün Bakıya tez-tez gəlmək fikrindədir. Arxiyepiskop Valentin Qafqazın din xadimlərinin qarşıdakı görüşündə iştirak etmək barədə Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin dəvətini Azərbaycan dövlətinin başçısına çatdırmışdır.
Azərbaycan Prezidenti Bakı arxiyepiskopundan xahiş etmişdir ki, rus pravoslav kilsəsinin başçısının münasib saydığı vaxtda respublikaya dəvət olunduğunu ona yetirsin. Heydər Əliyevin fikrincə, bu səfər Azərbaycan üçün mühüm hadisə olardı.
Qəbulda Azərbaycanın dövlət müşaviri Vəfa Quluzadə, Qafqaz Müsəlmanları İdarəsinin başçısı şeyxülislam hacı Allahşükür Paşazadə, başqa rəsmi şəxslər, din xadimləri iştirak etmişlər.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri