İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 220 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4916 manat idi və hərracların yekunlarına görə dəyişməz qalmışdır. Tələb və təklif 220 min dollar təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4916 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 2,376 milyon dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 11,680 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 237,600 min dollar düşmüşdür. Tələbat olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
Banklar EUR/AZM, RUR/AZM üzrə BEST-ə sifarişlər verməmişlər.
Milli bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,1 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 21-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.