İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 175 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4922 manata bərabər olmuşdur. Təklif 200 min dollar və tələb 175 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd aşağı düşmüş və bir dollar üçün 4921 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4921 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 1 milyon 183 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 5,822 milyard qədərdir. Bir əqdə, orta hesabla, 236,600 min dollar düşmüşdür.
Tələb olmadığından USD/AZM T+1 və T+2 alətləri üzrə dilerlər tərəfindən əqdlər bağlanmamışdır.
AVR/AZM və RUR/AZM alətləri üzrə banklar BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, 3,268 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 16-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.