İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 650 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4935 manat olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. Təklif və tələb 650 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4936 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 735 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 3,628 milyarddır. Bir əqdə, orta hesabla, 122 500 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,324 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Fevralın 5-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
Fevralın 5-də illik 10 faizlə 400 milyon manat borc götürülməsinə dair banklararası əqd qeydə alınmışdır. Kreditin müddəti 29 gündür.