İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 100 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4918 manata bərabər olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. Təklif və tələb 100 min dollar təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4919 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 2 milyon 738 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 13,468 milyarddır. Bir əqdə, orta hesabla, 248 909 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 170,69 manat məzənnə ilə, ümumən, 700 min rubl məbləğində əqd bağlanmışdır.
BEST-də banklar AVR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 20,419 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Aprelin 28-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.