İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 700 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4912 manata bərabər olmuşdur. 631 min ABŞ dolları həcmində təklif və 700 min ABŞ dolları həcmində tələblə manatın məzənnəsi 1 bənd artaraq, 1 ABŞ dolları üçün 4913 manat təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4913 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 2 milyon 444 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 12,007 milyard təşkil edir. Bir əqd, orta hesabla, 271,556 min dollara bərabər olmuşdur.
Tələb olmadığından dilerlər USDAZM T+1, T+2 aləti üzrə əqdlər bağlamamışlar.
AVRAZM və RURAZM aləti üzrə banklar tərəfindən sifarişlər daxil olmamışdır.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 2 milyard manat və 200 min ABŞ dolları həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdilər. Sentyabrın 9-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.