İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 150 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4917 manata bərabər olmuşdur. Təklif 120 min dollar, tələb isə 150 min dollar olduğu halda, manatın məzənnəsi 2 bənd aşağı düşmüş və bir dollar üçün 4919 manat olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4919 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 695 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 3,419 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 115 min 833 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər tərəfindən USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə banklar sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, 3,117 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 5-də birjada illik 10 faizlə 100 milyon manat borc götürülməsi barədə banklararası əqd bağlanmışdır. Kreditin müddəti 3 gün müəyyən edilmişdir.