İQTİSADİYYAT
BAKI FOND BİRJASINDA HƏRRACLARIN YENİ QAYDALARI MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı Fond Birjası Müşahidə Şurasının iclası keçirilmişdir. Birjanın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iclasın gündəliyinə daxil edilən əsas məsələ BFB-də hərracların yeni qaydalarının müzakirəsi və təsdiqi idi. Həmin qaydalar qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qiymətli Kağızlar Komitəsinə göndəriləcəkdir.
Yeni qaydalardan əsas məqsəd ikinci səviyyə kotirovka vərəqlərinə daxil edilən azlikvidli səhmlərin qiymətinin müəyyənləşdirilməsi mexanizminin tətbiqindən ibarətdir. Ticarət sessiyası iki hissəyə bölünəcəkdir: sifarişlərin toplanması mərhələsi və əqdlərin bağlanması mərhələsi. Bundan əlavə, birja kotirovkalarının dəyişdirilməsinə limit qoyulacaqdır.
BFB-də nümayiş etdirmə salonu yaratmaq planlaşdırılır. Ticarət meydançasına girə bilməyən şəxslər burada hərracların gedişini izləyəcəklər.