MƏDƏNİYYƏT
BƏLƏDİYYƏ TEATRININ SOYQIRIMA HƏSR EDİLMİŞ TAMAŞASI
Tamaşadan əvvəl teatrın bədii rəhbəri və direktoru, xalq artisti, Dövlət mükafatları laureatı Amaliya Pənahova, Milli Məclisin mədəniyyət daimi komissiyasının sədri, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, 1918-ci ildə erməni silahlı quldur dəstələrinə qarşı igidliklə döyüşmüş Kərbəlayı Abbasın nəvəsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Nazim Bayramov, “Qadın və inkişaf” mərkəzinin sədr müavini Şövkət Xanməmmədova və əsərin müəllifi çıxış etdilər. Onlar tariximizin qanlı səhifələrinin açılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdılar, Prezident İlham Əliyevin 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə xalqa müraciətinin mənəvi-siyasi əhəmiyyətini vurğuladılar.
Tamaşa türk hərbi marşlarının sədaları altında Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının səhnəyə gətirilməsi ilə başlandı.
Amaliya Pənahova və əməkdar incəsənət xadimi Zirəddin Tağıyevin quruluş verdiyi tamaşada Kazım Qarabəkir paşa rolunu Rüfət Aslanov, digər əsas rolları xalq artisti Vaqif Əliyev, əməkdar artistlər Əfqan Soltanov, Tofiq Bayramov, Azad Şükürov, Rafiq İbrahimov, Vaqif Əliyev, Hüsniyyə Əhmədova, Əhməd Salahov, Aydın Əliyev, aktyorlar Zaur Həmidov, Elxan Rzayev, Zenfira Səidi və başqaları məharətlə ifa etdilər.
Naxçıvanla Türkiyəni birləşdirən “Ümid körpüsü”nün açılış mərasimində ulu öndərimiz Heydər Əliyevin iştirakını əks etdirən videolentlər, Türkiyə-Azərbaycan dostluq və qardaşlığına dair dediyi müdrik kəlamlar alqışlarla qarşılandı.
Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşları, türk iş adamları, Naxçıvandan gəlmiş nümayəndə heyəti, respublikamızın erməni soyqırımına məruz qalmış bir çox bölgələrindən şəhid ailələrinin üzvləri, Milli Ordunun əsgər və zabitləri tamaşada olmuşlar.
Anşlaqla keçən tamaşadan sonra yaradıcı kollektivin üzvlərinə gül-çiçək dəstələri təqdim edildi.