İDMAN
BALAKƏN AVİASİYA MƏRKƏZİNİN MÜDAVİMLƏRİ İLK UÇUŞLARINI HƏYATA KEÇİRMİŞLƏR
Balakən, 23 iyun (AZƏRTAC). Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində tədbirləri davam etdirir.
İyunun 23-də Balakən Aviasiya Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü münasibətilə mərkəzin həvəskar təyyarəçilərinin səmada ilk uçuşlarına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi və KHVTİC Respublika Şurasının rəsmiləri ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin dağüstü yüksəklikdə ucaldılmış abidə-kompleksi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Aviasiya Mərkəzində keçirilən mərasimi açan KHVTİC Respublika Şurasının sədri, polkovnik Novruzəli Orucov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Milli Ordumuzun yaradılması, möhkəmləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmışdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması işini daim diqqət mərkəzində saxladığını bildirən cəmiyyət sədri, bu baxımdan KHVTİC Respublika Şurasının qarşısında da mühüm vəzifələrin qoyulduğunu nəzərə çarpdırmışdır. Məlumat verilmişdir ki, Balakən Aviasiya Mərkəzində bir ilə yaxındır ki, “Həvəskar təyyarəçilər” kursu fəaliyyət göstərir. Kursda Balakən şəhərindəki 1 nömrəli və Tülü kənd orta məktəblərində təhsil alan 10 nəfər yeniyetmə uçuş təlimlərinə yiyələnir. Artıq nəzəri məşğələlər başa çatmışdır. Bu gün kursun müdavimləri səmada ilk uçuşlarını həyata keçirəcəklər.
Mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, istefada olan general-mayor Dadaş Rzayev çıxış edərək yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə hazırlıq kurslarının əhəmiyyətini xüsusi qeyd etmiş, balakənli yeniyetmə həvəskar təyyarəçilərə ilk uçuşlarında uğurlar arzulamışlar.
Kursun müdavimləri Aviasiya Mərkəzinin təcrübəli təyyarəçilərinin iştirakı ilə “AN-2” təlim-məşq təyyarəsində səmada ilk sınaq uçuşlarını həyata keçirmişlər. Müvəffəqiyyətlə başa çatan uçuşdan sonra müdavimlərə KHVTİC-in xatirə döş nişanları təqdim edilmişdir.
Mərasimin sonunda “AN-2” təyyarəsi ilə havaya qalxan istefada olan general-mayor Dadaş Rzayev növbəti dəfə paraşütlə tullanaraq öz məharətini nümayiş etdirmişdir. Tullanış tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
######