ELM VƏ TƏHSİL
BANM Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə əməkdaşlıq edəcək
Bakı, 21 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) nümayəndə heyəti ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki tanınmış ali təhsil müəssisəsi arasında gələcəkdə nəzərdə tutulmuş əməkdaşlıq istiqamətlərinin detalları müzakirə olunub və buna dair anlaşma memorandumu imzalanıb.
Tədbirdə rektor Elmar Qasımov MGİMO-nun fəaliyyətini yüksək qiymətləndirib və bu ali məktəbin məzunlarının hər zaman seçildiklərini və uğurlu şəxsiyyət olduqlarını bildirib. Daha sonra rektor qonaqlara BANM-in tarixi, fəaliyyəti və uğurları barədə məlumat verib.
MGİMO-nun ümumi işlər üzrə prorektoru Malgin Artem isə çıxışında BANM-in qısa dövrdə əldə etdiyi uğurları yüksək qiymətləndirib.
Qonaqlar görüşün sonunda BANM-in yeni kampusunu gəzərək buradakı yüksək texnoloji laboratoriyalar, tam təchiz edilmiş müasir auditoriyalar və idman kompleksi ilə tanış olublar.