CƏMİYYƏT
BANM və “Schlumberger” şirkəti arasında səmərəli əməkdaşlıq davam edir
Bakı, 29 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Schlumberger” şirkətinin Rusiya və Mərkəzi Asiyada personal yığımı və universitetlərlə iş üzrə idarəsinin rəhbəri Andrey Qerdyuş, həmçinin şirkətin texniki personalın yığımı və Xəzər bölgəsi universitetləri ilə iş üzrə meneceri Aset İskakov ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Qerdyuş təmsil etdiyi şirkət ilə bu ali məktəb arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, “Schlumberger” şirkətinin rəhbərliyi 2014-cü ildə qurulmuş bu əməkdaşlıqdan olduqca məmnundur.
Söhbət zamanı A.İskakov artıq BANM-in tələbələrinin potensial kadrlar olaraq nəzərdən keçirildiyini və şirkətdə onlar üçün gələcəkdə karyera imkanlarının mövcud olduğunu deyib.
E.Qasımov BANM-də mühəndis kadrlarının hazırlığı prosesinə şirkətin verdiyi töhfələrə görə minnətdarlığını bildirib. Ali məktəbin yeni kampusun tikintisində son tamamlama işləri barədə məlumat verən rektor burada şirkətin təchizat dəstəyi ilə laboratoriyanın qurulması imkanlarının nəzərdən keçirilməsini təklif edib.
Xatırladaq ki, 2014-cü ildə BANM və “Schlumberger” şirkəti arasında imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən hər il şirkətin mütəxəssisləri ali məktəbin tələbələri üçün müxtəlif mövzular üzrə təqdimatlar təşkil edilir, onlar şirkətdə yay istehsalat təcrübəsi keçirlər. Eyni zamanda, “Schlumberger” şirkəti tərəfindən ali məktəbin mütəxəssisləri üçün neft-qaz və avtomatika sahəsində geniş tətbiq olunan bir sıra proqram təminatları ilə bağlı təlimlər təşkil olunur.