BAŞ NAZİR ARTUR RASİZADƏNİN LİTVA RESPUBLİKASINA RƏSMİ SƏFƏRİ
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri Vilnüsdən xəbər verir ki, burada rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Artur Rasizadə və onu müşayiət edən şəxslər aprelin 2-də Antakalnis qəbiristanını ziyarət etmiş, Litvanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin - 1991-ci il yanvarın 13-də Vilnüs telemərkəzi yaxınlığında həyatlarını qurban vermiş mübarizlərin abidəsi önünə əklil qoymuş, onların xatirəsini ehtiramla anmışlar.
Köhnə şəhərə və Litva paytaxtının görməli yerlərinə ekskursiyadan sonra Vilnüs meriyasında Azərbaycan hökumətinin başçısı paytaxtın vitse-meri Algimantas Vakarinasla görüşdü. Söhbət zamanı şəhərsalma, mənzil-kommunal təsərrüfatı və digər məsələlərə dair fikir mübadiləsi apardılar.
Həmin gün Artur Rasizadənin Litva Respublikasının Baş naziri Algirdas Brazauskas ilə təkbətək görüşü oldu. Sonra hər iki ölkənin hökumət başçılarının rəhbərlik etdikləri nümayəndə heyətlərinin görüşü keçirildi. Danışıqlarda müstəqil dövlətlərimiz arasında ticarət-iqtisadi münasibətlərin fəallaşdırılması zərurəti ilə bağlı bir çox məsələlər müzakirə edildi.
Görüşlərin və danışıqların yekunlarına əsasən, aşağıdakı sənədlər imzalandı: Litva Respublikasının Baş naziri A.Brazauskasın Azərbaycan Respublikasının Baş naziri A.Rasizadə ilə görüşünün protokolu, Gəlirdən və kapitaldan vergilər barəsində ikiqat vergiqoymaya yol verilməməsi haqqında konvensiya, Gömrük işlərində qarşılıqlı yardım haqqında saziş, habelə Vergi hüquq pozmaları ilə mübarizədə əməkdaşlıq haqqında Litva Respublikasının Maliyyə Pozuntularının Təhqiqi Xidməti ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında idarələrarası saziş. İlk iki sənədi baş nazirlər imzaladılar.
İkitərəfli görüşlərdən və sənədlərin imzalanmasından sonra A.Rasizadə və A.Brazauskas yerli və xarici jurnalistlərin suallarına cavab verdilər.
Aprelin 2-də Azərbaycanın Baş naziri A.Rasizadənin Litva Parlamentinin - Seymin sədri Arturas Paulauskas ilə də görüşü oldu.
Görüşdə ölkələrimizin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə edildi.
Sonra A.Rasizadə diyarın mühafizəsi (müdafiə) naziri Linas Linkyaviçyusla görüşdü.
Həmin gün axşam Litvanın işgüzar dairələrinin nümayəndələri, iri dövlət və özəl qurumlarının başçıları ilə keçirilən görüşdə Baş nazir Artur Rasizadə Litvanın iş adamlarına Azərbaycandakı əlverişli sərmayə şəraitindən, milli iqtisadiyyatın yüksəlişindən danışdı və Litva biznesmenlərini Azərbaycan bazarına cəsarətlə gəlməyə çağırdı.
Baş nazir Artur Rasizadənin Vilnüsə rəsmi səfərinin ikinci günü Litva Respublikasının NATO-ya daxil olması münasibətilə Litva Seyminin sədri və ölkənin Baş naziri tərəfindən təşkil edilmiş rəsmi qəbulda iştirakla sona yetdi.
Xəbərin mətnində orfoqrafik səhv var