ELM VƏ TƏHSİL
BDU: “100 innovativ tələbə” layihəsində 20-dən çox biznes-ideya müzakirə olunub
Bakı, 7 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə bağlı həyata keçirilən “100 innovativ tələbə” layihəsi çərçivəsində tələbələrin 20-dən çox biznes ideyası müzakirə olunub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, “Məhsulun yaradılması və inkişaf etdirilməsi” modulu çərçivəsində tələbələrin irəli sürdüyü ideyaların müasir metodologiyaya əsasən bazara uyğunluğunun təhlili, yeni məhsul və xidmətlər vasitəsilə potensial müştərilərin problemlərinin həlli, real tələbat məsələləri praktik tapşırıqlar vasitəsilə təhlil edilib.
Modul çərçivəsində Böyük Britaniyanın tədris müəssisələrinin təqdim etdiyi proqram üzrə tələbələrə biliklər verilib, tapşırıqlar üzrə iş aparılıb.
Təlim BDU tələbələri üçün nəzərdə tutulsa da, digər universitetlərin tələbələrinin marağına səbəb olduğundan onların da iştirakı təmin edilib.
Tələbələrin mövzu ətrafında sualları cavablandırılıb və maraqlı diskussiya aparılıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı “100 innovativ tələbə” layihəsinə martın 1-dən başlanılıb. BDU-nun tədris-teleradio studiyasında keçirilən layihənin məqsədi tələbələrdə innovasiyalara əsaslanan sahibkarlığın motivasiya edilməsidir. Layihə çərçivəsində innovativ sahibkarlıq tədris proqramının hazırlanması, bu sahədə fəaliyyət göstərən insanlara ustad dərslərinin keçirilməsi, tədris-teleradio studiyasında müsahibələrin təşkili də nəzərdə tutulur.