ELM VƏ TƏHSİL
BDU-DA YAP ƏRAZİ TƏŞKİLATININ KONFRANSI KEÇİRİLMİŞDİR
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, YAP ərazi təşkilatının sədri, dosent Tofiq Hüseynov məruzə ilə çıxış edərək, müstəqil Azərbaycan dövlətinin yaranması, möhkəmlənməsi və beynəlxalq aləmdə tanınmasında ulu öndərimiz, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır.
Nüfuzlu təşkilat olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edən məruzəçi bildirmişdir ki, hazırda universitetdə 2 min 240 nəfər YAP üzvü var və onların 1701–i gəncdir.
BDU-nun rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov, təhsil nazirinin müavini İradə Hüseynova, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və digər çıxış edən natiqlər ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər. Natiqlər YAP ərazi təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirərək, onun üzvlərinin sayının günbəgün artdığını söyləmişlər.
Tofiq Hüseynov yenidən universitet ərazi təşkilatının sədri seçilmişdir. Konfransda YAP Yasamal rayon təşkilatının konfransına nümayəndələr də seçilmişdir.