ELM VƏ TƏHSİL
BDU alimi metal nanohissəciklərin bioloji sintezinə dair tədqiqat aparıb
Bakı, 1 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduğu “Bioloji/kimyəvi əsaslı metal nanohissəciklərin sintezi, xarakteristikası və ətraf mühitə tətbiqi” adlı elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan “Frontiers in Chemistry” jurnalında dərc olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, məqalədə metal nanohissəciklərin bioloji sintezindən bəhs edilir. Müəlliflər icmal məqalədə bu istiqamətdə yerli və xarici alimlərin əsərlərinə istinad verərək, alınan elmi nəticələri müqayisəli analiz edib, müsbət tərəflərini və qarşıya çıxa biləcək problemləri işıqlandırıblar. Nanohissəciklərin müxtəlif sintez üsulları olsa da, bioloji üsul ekoloji cəhətdən təmiz və təhlükəsiz üsuldur. Nanohissəciklər günümüzdə elmin fərqli sahələrində, xüsusən də tibdə geniş tətbiq edilir, onların səmərəli üsulla sintezi olduqca aktual məsələdir.