ELM VƏ TƏHSİL
BDU-da “Azərbaycan-Rusiya humanitar münasibətlərinin inkişafı” mövzusunda tədbir təşkil olunub
Bakı, 15 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 100 və bu ali məktəbin Rus Mərkəzinin 10 illik yubileyi ilə əlaqədar BDU-da “Azərbaycan-Rusiya humanitar münasibətlərinin inkişafı” mövzusunda tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru Elçin Babayev Azərbaycan-Rusiya əlaqələrinin əhəmiyyətindən danışıb. “Rus Dünyası” Fondu tərəfindən BDU-da açılan Rus Mərkəzinin fəaliyyəti barədə məlumat verən rektor mərkəzin əsas məqsədinin rus dili və mədəniyyətini təbliğ etmək, xaricdə rus dilinin tədris olunması proqramlarını, mədəniyyətlərarası dialoqun inkişafını dəstəkləmək və s. olduğunu diqqətə çatdırıb.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakı Dövlət Universitetində Rusiya ilə elmi-humanitar əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. BDU-nun Rus Mərkəzi ilə səfirliyin əlaqələrindən məmnunluğunu bildirən səfir yubiley münasibətilə təbrikini çatdırıb, universitetə uğurlar arzulayıb.
Səfir M. Boçarnikov əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Rus Mərkəzinin müdiri Arzu Məmmədova mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Universitetin bir qrup əməkdaşı Rus Mərkəzinin işində fəal iştiraklarına görə fəxri fərmanla təltif olunub.
Tədbir BDU və Bakı Musiqi Akademiyasının birgə təşkil etdiyi konsert proqramı ilə yekunlaşıb.
Qeyd edək ki, tədbirdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov, Rusiya ali məktəb məzunlarının Azərbaycan Assosiasiyası İctimai Birliyinin sədri Üzeyir Əliyev, Bakı Musiqi Akademiyasının əməkdaşları da iştirak ediblər.