ELM VƏ TƏHSİL
BDU-da Cəbrayılın işğaldan azad olunması ilə bağlı tədbir keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Cəbrayıl rayonunun işğaldan azad olunması ilə bağlı onlayn tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Filologiya fakültəsi TGT-nin layihələr üzrə meneceri Gülnar Hüseynova, fakültənin III kurs tələbəsi Lamiyə Hüseynova və “Kitab” klubunun təlimçisi Şəbnəm Haqverdi çıxış edərək 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin və igid qazilərin şərəfli döyüş yolundan, qəhrəmanlığından, BDU-nun 18 şəhid məzununun göstərdikləri şücaətlərdən danışıblar.
Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədr müavini Elnura Ağasəfzadə işğaldan azad edilmiş şəhər və rayonlarımızda, kəndlərimizdə, o cümlədən Cəbrayılda həyata keçirilən quruculuq tədbirlərindən, layihələrdən bəhs edib.