ELM VƏ TƏHSİL
BDU-da Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilmiş elmi-praktik seminar keçirilib
Bakı, 23 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilmiş elmi-praktik seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov 1995-ci ildən UNESCO-nun çağırışı ilə 100-dən çox ölkədə milyonlarla insanın iştirakı ilə qeyd edilən Dünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyətindən bəhs edib. Ölkəmizin 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına, eyni zamanda müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində beynəlxalq konvensiya və müqavilələrə qoşulduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə bu sahədə hüquqi baza formalaşdırılıb.
Elmi seminarda “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin sədri, dosent Şəmil Sadiq “Azərbaycanda kitabçılıq və nəşriyyat sektoru: problemlər, perspektivlər”, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Nəşriyyat işində müəlliflik hüququ”, Türkiyənin Kastamonu Universitetinin professoru Vüsalə Musalı “Elmi adların verilməsi zamanı etik yoxlama”, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Kitabxana işində müəlliflik hüququ”, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova “Pandemiya dövründə məktəb kitabxanalarında oxuculara xidmətin təşkili” mövzularında məruzə ediblər.