ELM VƏ TƏHSİL
BDU-da elmi seminar: Azərbaycan mətbuat tarixinin Cümhuriyyət dövrü
Bakı, 20 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, TEC-in elmi rəhbəri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova keçirilən elmi seminarların əhəmiyyətindən danışıb, mövzu haqqında məlumat verib.
Fakültənin ingilis bölməsində təhsil alan 3-cü kurs tələbəsi Ləman Qasımova “Azərbaycan mətbuat tarixinin Cümhuriyyət dövrü” mövzusunda təqdimatla çıxış edib. O, həmin dövrün ictimai-siyasi hadisələrini təbliğ edən qəzetlərdən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli istiqlal ideyalı mətbuat orqanlarının fəaliyyətindən bəhs edib. Məruzədə 1917-ci ilədək fəaliyyət göstərən “Açıq söz” qəzetinin yalnız milli mətbuat tarixində deyil, eyni zamanda, xalqımızın azadlıq mübarizəsi tarixində əhəmiyyətli rol oynadığı qeyd olunub.
Seminar mövzu ətrafında müzakirə ilə başa çatıb.