ELM VƏ TƏHSİL
BDU-da nanohissəciklərlə bağlı elmi seminar
Türkiyənin Mardin Artuklu Universitetinin əməkdaşı metal nanohissəciklərin sintezinin mərhələlərini ardıcıl şəkildə göstərib
Bakı, 6 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Bitki mənşəli nanohissəciklər və onların biotibdə tətbiqi” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda Biofizika və biokimya kafedrasının dissertantı, Türkiyənin Mardin Artuklu Universitetinin əməkdaşı Adıcan Mehmet Tevfik mövzu üzrə məruzə edib. Məruzədə müxtəlif bitkilər vasitəsilə metal nanohissəciklərin sintezi, müasir metodlarla öyrənilməsi haqqında məlumat verilib.
Adıcan Mehmet Tevfik bitki mənşəli nanohissəciklərin sintezinin mərhələlərini ardıcıl şəkildə göstərib. Qeyd edilib ki, ilk növbədə, nanohissəciklərin sintezi üçün istifadə olunan bitki nümunələri müxtəlif üsullarla təmizlənir, onlardan ekstraktlar alınır və müxtəlif metalların duzları məhlul şəklində uyğun qatılıqlarda əlavə edilir. Temperatur, Ph və zamandan asılı olaraq bitki ekstraktları metal duzlarını nanohissəciklərə çevirir.
Fiziki-kimyəvi faktorların təsiri ilə alınan nanohissəciklər sentrifuqa üsulu ilə təmizlənir, alınmış nanohissəciklər UV spektroskopiya, SEM, AFM, infraqırmızı spektroskopiya və s. metodlarla müəyyən edilir. Həmin metal nanohissəcikləri (qızıl, gümüş və s.) biotibbi tədqiqatlarda istifadə edilir.
Adıcan Mehmet Tevfik məruzədə bu nanohissəciklərin kanserogen hüceyrələrə təsirinin nəticələri barədə də geniş məlumat verib. Diqqətə çatdırılıb ki, alınmış nəticələr “Web of Science” bazasına daxil olan üç jurnalda çap edilib.