ELM VƏ TƏHSİL
BDU-da qış imtahan sessiyası uğurla davam edir
Bakı, 13 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin imtahan sessiyası onlayn formatda uğurla davam edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, yanvarın 12-də bakalavriat pilləsində 285 qrup üzrə təhsil alan 5797 (2800 nəfəri “SABAH” qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 165 ixtisaslaşmada 84 fənn üzrə 588 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 611 tələbə imtahanlarda iştirak edib.
İmtahanlarda bütün tələbələr üçün eyni şərait yaradılıb. Tələbələrə hər sualı 0-10 balla qiymətləndiriləcək beş sualdan ibarət bilet təqdim olunub. Onlayın imtahanın keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan imtahan zamanı hər hansı bir problem yaranmayıb.
İmtahanların gedişini prorektorlar, dekanlar, kafedra müdirləri və tələbə nəzarət qrupunun üzvləri də izləyiblər. Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.