ELM VƏ TƏHSİL
BDU-nun Şərqşünaslıq fakültəsində Ömər Xəyyamın anadan olmasının 890 illiyi münasibətilə dəyirmi masa keçirilib
Bakı, 19 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində dahi şair, filosof və astronom Ömər Xəyyamın anadan olmasının 890 illiyi münasibətilə onlayn dəyirmi masa keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov dünyaşöhrətli filosof, astronom, riyaziyyatçı və şair Ömər Xəyyamın həyat və yaradıcılığından bəhs edib, şairin orijinal rübailərinə istinad edərək şeirlərinin obrazlar sistemi, forma və məzmun xüsusiyyətləri, ideoloji əsasları, dünya dillərinə tərcüməsi barədə geniş məruzə ilə çıxış edib.
Dosentlər Nüşabə Əlizadə və Bilqeyis Quliyeva çıxışlarında ərəb və fars dillərində olan təzkirələrdə Xəyyam haqqında məlumatlardan, o cümlədən onun elmi fəaliyyətindən, İsfahan rəsədxanasında gördüyü işlərdən, şeirlərində ictimai etirazdan, din və elmə münasibətindən danışıblar.
Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli Ömər Xəyyam haqqında ədəbi və elmi ictimaiyyətə çox az məlum olan bəzi məsələlərdən, əfsanələrdən söz açıb.
Dosent Əsmətxanım Məmmədova şairin əsərlərində ədəbi dilin mükəmməlliyinə və sadəliyinə, istifadə olunan leksik fiqurlarda izlənilən fonetik hadisələrə diqqət çəkib.
Sonda fakültənin tələbələri Ömər Xəyyamdan orijinal rübailərini səsləndiriblər.