ELM VƏ TƏHSİL
BDU-nun jurnalistika fakültəsi ilə Bilik Fondunun informasiya təminatı sektoru arasında niyyət sazişi imzalanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektoru ilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi arasında niyyət sazişinin imzalanma mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a Bilik Fondundan məlumat verilib.
Tədbirdə jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, niyyət sazişinə əsasən, müəllimlər və tələbələr Fondun həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Sənəddə əməkdaşlığın bütün mümkün variantları nəzərdə tutulub və gələcəkdə birgə tədbirlər həyata keçirildikcə ictimaiyyət bu barədə məlumatlandırılacaq. Onun sözlərinə görə, Bilik Fondunun struktur bölməsi ilə belə bir sənədin imzalanması fakültə üçün yeni imkanlar açacaq. Həmin sazişlə tərəflər təşkilati, insan və maliyyə resurslarını səfərbər etməklə əhalinin elmin müxtəlif sahələri üzrə maarifləndirilməsi, xüsusilə gənclərin bilik və bacarıqlarının artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və təbliği, Azərbaycan mediasının inkişafı naminə yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist hazırlığı istiqamətlərində birgə fəaliyyət göstərməyi, jurnalistika sahəsində elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlər və yazarlarla görüşlərinin təşkili, bütün sahələrdə medianın maarifləndirmə funksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi sahəsində əməkdaşlıq etməyi nəzərdə tuturlar.
Bilik Fondunun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova vurğulayıb ki, imzalanan sazişlə tərəflər Azərbaycan mediasının inkişafı naminə yüksək peşəkarlığa və geniş dünyagörüşə malik jurnalist hazırlığı istiqamətində birgə fəaliyyət göstərməyi öz üzərlərinə götürürlər. Eyni zamanda, tədbirdə məlumat verilib ki, tezliklə Bilik Fondunun informasiya təminatı sektoru BDU-nun jurnalistika fakültəsi ilə birgə “Gənc jurnalistlər” Klubu təsis edəcək.
BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova niyyət sazişinin əhəmiyyətini vurğulayıb və bu işdə hər iki tərəfə uğurlar arzulayıb. O bildirib ki, imzalanan saziş əsasən peşəkar jurnalistlərin hazırlanmasına müsbət töhfə verəcək.
Tədbirdə jurnalistika fakültəsinin müəllimləri əməkdaşlığın Azərbaycan jurnalistikasının inkişafında uğurlu nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.
Daha sonra BDU-nun jurnalistika fakültəsi ilə Bilik Fondunun informasiya təminatı sektoru arasında niyyət sazişi imzalanıb.