ELM VƏ TƏHSİL
BDU-nun kollektivi Cocuq Mərcanlıda
Cocuq Mərcanlı kənd tam orta məktəbində “Bakı Dövlət Universiteti: tədris otağı”nın açılışı olub
Bakı, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, müəllim-tələbə heyəti və Aprel döyüşlərində iştirak etmiş universitetin tələbə qaziləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə səfər iştirakçıları 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində qətlə yetirilən 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın məzarını və abidəsini ziyarət edib, onların ailə üzvləri ilə görüşüblər.
BDU-nun kollektivi Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Eyni zamanda, “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi anılıb.
Sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Məktəbin direktoru Zamin Həziyev bildirib ki, Aprel döyüşlərindən sonra kənd yenidən qurulub, məktəb, bağça, məscid, klub binaları tikilib, park salınıb. Hazırda məktəbdə 85 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 22 müəllim məşğuldur.
BDU-nun kollektivi məktəbdə yaradılmış tədris şəraiti ilə tanış olublar. Sinif otaqları, fənn kabinetləri, kitabxana və laboratoriyaya baxış keçirilib. Sonra məktəbdə “Bakı Dövlət Universiteti: tədris otağı”nın açılışı olub. Universitetin kollektivi məktəbə kompüter dəsti, xeyli sayda tədris kitabları və bədii ədəbiyyat, xəritələr, mikroskop və müxtəlif avadanlıq, məktəb ləvazimatları hədiyyə edib.
Kəndin “Qayıdış” icma klubunda həmin ərazidə hərbi xidmət keçən əsgərlərin iştirakı ilə Füzuli Dövlət Dram Teatrının təqdimatında tamaşa nümayiş olunub. Universitet tələbələri vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.
Səfər müddətində BDU-nun kollektivi Cocuq Mərcanlıda yerləşən hərbi hissəyə baş çəkib, əsgərlərlə görüşüb, onlarla birlikdə nahar ediblər.
Universitet əməkdaşları, eyni zamanda, Cocuq Mərcanlı məscidini ziyarət edib və şəhid ailələri ilə görüşüblər.